Blogumda çəkdiyim fotoları, videoları, yazdığım və tərcümə etdiyim yazıları paylaşıram. Blogumla yanaşı www.Marifia.com saytında da yazdığım yazıları oxuya bilərsiniz.

Sonuncu yazılar

9/04/2017

"Karamazov qardaşları" kitabı haqqında Şerlok Holmsun fikirləri

Artur Konan Doylun müəllifi olduğu, “Visteriya-Locda hadisə” XX əsrin əvvəllərində yazılıb və ilk dəfə 1907-ci ildə “Strend” jurnalında çap edilib.
Hekayələr toplusu olan bu kitabda, məşhur xəfiyyə Şerlok Holms ilə Doktor Uotson, Fyodor Dostoyevskinin ən iri həcmli əsəri və məşhur romanlarından biri “Karamazov qardaşları” kitabı haqqında öz fikirlərini yürüdürlər. “Visteriya-Locda hadisə” kitabından RUS MÜLKƏDARIN ÖLÜMÜ adlı hekayəni sizinlə paylaşıram...

Rus mülkədarın ölümü
Bir dəfə arxivimi səliqəyə salarkən mister Şerlok Holmsla tanışlıq və hətta deyə bilərəm ki, dostluq illərinə aid gündəliklərə baxdığım zaman uzaq noyabr axşamlarının birində baş tutmuş söhbəti təsvir edən bir neçə səhifəyə rast gəldim. Saralmış səhifələrə düzülən solğun sətirlər məni o yağmurlu, soyuq günlərə qaytardı. O zaman Holmsla isti buxarının qarşısında oturmuşduq, bayırda isə Beyker-stritin qaz fənərlərinin tutqun işığı daimi London dumanının içərisində közərib qalmışdı.
Bu o günlərdən idi ki, Holms öz məşhur deduktiv üsulunu tətbiq etməyə bir iş tapa bilmirdi və beləcə, onun beyni zəruri qidadan məhrum olduğu üçün kütləşmiş və ağırlaşmışdı. Holmsun morfi və şpris qoyulmuş nesesserə əlini uzadacağı anı təşvişlə gözləyirdim. Lakin hərdənbir dostuma göz qoyduqda onun bu dəhşətli vasitəyə əl atacığını bildirən heç bir hərəkət görmürdüm və qürurla düşünürdüm ki, yəqin mənim öyüd-nəsihətim ona təsir göstərib. Holms kresloya söykənərək gözlərini yumdu və yayı dizinin üstünə qoyduğu skripkanın tellərində gəzdirərək həzin bir melodiya çaldı.
Narahatlığım keçdi və bütün gün ərzində oxuduğum kitaba qayıtdım. Nəhayət, son səhifəni çevirib kitabı örtdüm və əlimi məyus-məyus kitabın qızılı cildində gəzdirdim. Müəllifin istedadı məni heyran etmişdi. O qədər duyğulanmışdım ki, ayağa qalxıb pəncərəyə yaxınlaşdım. Əlimi sinəmdə çarpazlayaraq yoldan keçən tək-tük adamlara baxırdım.
– Nə ecazkar kitabdır! – dözməyib dedim.
Bu zaman Holmsun sakit səsini eşitdim:
– Pis kitab deyil, amma nöqsanları da var.
– Siz “Karamazov qardaşları”nı oxumuşsunuz?
Heyrət içindəydim. Şerlok Holms haqqında yazdığım hekayələrlə tanış olan oxucular bilir ki, çox spesifik sahələrdə nəhəng biliklərə malik olan bu bənzərsiz adamın ədəbiyyat və fəlsəfədən qətiyyən xəbəri yox idi.
– Əzizim Uotson, – Holms dedi. – Mən öz prinsiplərimə sadiqəm və yenə əvvəlki kimi hesab edirəm ki, beynimizi tör-töküntü ilə doldurmaq ağılsızlıqdır, üstəlik, mənim işimdə bu zir-zibilin heç bir faydası olmur, yalnız artıqlıq edir.
– Bəs bu kitabı oxumağa sizi nə vadar edib?
– İki səbəbə görə bu kitabı oxumuşam. Birincisi, hər bir ingilis kimi mən də sentimentalam, uşaqlıq xatirələrim yaddaşıma möhkəm həkk olunub və bu xatirələrlə vidalaşmaq istəmirəm. Məsələ bundadır ki, atam müasir fikirli adam idi, məşhur rus inqilabçısı və yazıçısı Gertsenlə dostluq edirdi. Onun yanına gedəndə bəzən məni və böyük qardaşım Maykroftu da özü ilə aparardı. Belə görüşlərin birində biz qonaqpərvər rus inqilabçısının evində Dostoyevskiyə, bu kitabın gələcək müəllifinə rast gəldik.
– Bəs ikinci səbəb?
– İkincisi, bu kitab cinayət haqqında olsa da, mənə elə gəlir ki, təkcə ondan bəhs etmir.
– Axı bu, müəllifin uydurmasıdır! – bərkdən ­dedim.
Holms skripkanın yayını kənara qoydu, qəlyanını doldurub yandırdı və tüstünün buğumlarına bürünərək dedi:
– Bu mənim üçün elə də vacib deyildi. Hərçənd həmişə mənə elə gəlib ki, bu süjetin əsasında real cinayət hadisəsi dayanır.
– Bu elə də prinsipial məsələ deyil, – əsəbi halda dedim. – Süjet belə ciddi əsərin müəllifi üçün öz fikirlərini oxucuya daha dolğun çatdırmaq vasitəsidir. Süjet nə qədər dərindən düşünülübsə, yazıçının qarşısında duran məsələ bir o qədər asanlaşır.
– Sizinlə tam razıyam. Lakin elə məhz süjetdə nöqsanların olduğunu görürəm, bu da mənə deməyə haqq verir ki, bu kitab çatışmazlıqlardan xali deyil.
– Öz fikrinizi əsaslandıra bilərsinizmi? – deyə şübhə ilə soruşdum.
– Əlbəttə, Uotson, əlbəttə! – deyə Holms güldü.
– Heç olmasa bu suala cavab verin: qatil kim idi?
Mən sualın gülünclüyündən təəccüblənib çiyinlərimi çəkdim.
– Lakey. Smerdyakov. İlahi, rus soyadlarını tələffüz etmək nə çətindir...
– Soyad məsələsində sizinlə razıyam, onlar mənə də müəyyən çətinlik yaradır. Amma lakeyə gəlincə, mən belə qəti fikir söyləməkdən çəkinərdim.
– Necə yəni?
– Siz nə üçün elə hesab edirsiniz ki, Smerdyakov qatildir? – Holms laqeydcə soruşdu.
– O özü bunu böyük qardaşı İvana deyib.
– Doğrudur. Özü deyib. Yoxsa bunu haradan öyrənə bilərdiniz, axı müəllif qətl səhnəsini onun sözləri ilə təsvir edib. Bəsdirin, Uotson, siz ki həkimsiniz, sizdə heç bir şübhə oyanmadı, onun etirafına dərhal inandınız?
Mən şaşqın-şaşqın Holmsa baxdım, bir kəlmə də söz deyə bilmədim. Şerlok Holms isə məmnun halda qəlyanını tüstülətməyə davam edirdi.
– Smerdyakov xəstə adam idi, onun psixikası tamam pozulmuşdu. Bu xəstəlik ona irsən keçmişdi. Onun anası Yelizaveta Smerdyakova dəli idi, atası Fyodor Pavloviç də sakit adam deyildi, məsuliyyətsiz, əsəbi və səbirsiz idi. Smerdyakov – tipik epilepsiyalı xəstədir, bu xəstəlik onun orqanizminə, hər ­şeydən çox beyninə pis təsir edib. Qoy o lap yıxılmasın, qoy özünü xəstəliyə vursun, bu heç nəyi dəyişmir və onun sözlərinin doğruluğunu isbat etmir. Ertəsi gün o elə naxoşladı ki, xəstəxanaya düşdü və iki gün heç nəyi xatırlamadı. Siz də, Uotson, elə düşünürsünüz ki, mən bu adamın etirafına inanacağam?
Holms mənim karıxdığımı görüb gülümsədi.
– Siz deyə bilərsiniz ki, Smerdyakov xəstəliyi əslində səhər-səhər tutub, yəni Fyodor Pavloviçin qətlindən sonra, bu vaxta qədərsə onun ağlı yerində olub, deməli, buradan belə bir nəticə çıxarmaq olar ki, o, həqiqəti deyir. Amma siz bilmirsiniz ki, bəzən qıcolmaya iki, üç, hətta dörd saat qalmış şüurun qismən pozulmasına da rast gəlinir?..
– Belə çıxır ki, o özünə şər atır?
– Yox! O, həqiqəti deyib, amma öz inandığı həqiqəti... Əslində isə o, adam öldürdüyünü özü-özünə təlqin edib, bunu həyət qapısının yanında söhbət edərkən İvan Karamazovun sözlərinin təsirinə düşərək özü-özünə aşılayıb. Smerdyakov öldürmək istəmişdi, cinayəti hazırlamışdı, bu cinayəti fikrində dəfələrlə törətmişdi, amma hadisələrin gedişatı bunun üstündən xətt çəkdikdə xəstə şüur üsyan edərək cinayətin başqa cür törədildiyini rədd etmişdi.
Şerlok Holmsun səsi mənə hipnotik təsir göstərirdi.
– Görünür, hər şey belə olmuşdur, – Holms tələsmədən dedi. – Smerdyakov əvvəlcə Fyodor ­Pavloviçin çığırtısını, sonra isə Qriqorinin fəryadını eşidir. O, bir az gözlədikdən sonra bağa çıxır, qapının açıq olduğunu görüb içəri girir. Qarşısında döşəməyə yıxılmış böyük Karamazovun qanlı cəsədini görür. Smerdyakov ikonalar asılmış divara yaxınlaşır, guya şübhəni özündən uzaqlaşdırıb günahı Dmitrinin boynuna yıxmaq üçün zərfi götürür, onun içərisindən 3000 rubl pulu çıxarıb boş zərfi yerə atır və Karamazovu başqa biri yox, o özü öldürdüyünə əmin olaraq çıxıb gedir. Axı hər şey onun xəyalında yüz dəfələrlə baş verən hadisə ilə tamamilə eyni idi.
Bir neçə dəqiqə susaraq oturduq, sonra gülüb ­dedim:
– Yox, Holms! Sizin sözləriniz yazıçıya, psixiatra şərəf gətirən bir fərziyyədir. Axı siz yalnız faktları qəbul edirsiniz! Əlimizdə isə heç bir fakt yoxdur!
– Fyodor Pavloviç nə ilə öldürülüb? – deyə Şerlok Holms mənə tərəf əyilərək birdən-birə sərt şəkildə soruşdu.
– Dəmir çubuqla, – sualdan karıxıb kəkələyə-kəkələyə dedim.
– Doğrudan?
Əlimi kitaba uzatmaq istədim, amma Holms məni saxladı:
– Zəhmət çəkməyin. Mən sizə xatırladaram. Smerdyakov deyir: “Mən masanın üstünə qoyulmuş ağırlığı təxminən üç funt olan çuqun press-papyeni15 götürüb qırağı ilə onun başının arxasına zərblə vurdum”. Qırağı ilə, Uotson! Bəs onda nə üçün məhkəmədə həvəngdəstə çəkicindən söhbət gedirdi? Çünki, doğrudan da, zərbələr onunla endirilmişdi! Siz də burada, bəlkə, özünüz də istəmədən haqlı çıxdınız. Həvəngdəstə çəkici! Mənim mülahizələrimin əsası olan fakt budur! Fyodor Pavloviç Karamazovun cəsədini müayinə edən həkimlər hətta səhvə yol versəydilər də, onlar yaraların uzun və yuvarlaq əşya ilə vurulan zərbələrdən tamamilə fərqli xüsusiyyətə malik olduğuna diqqət yetirməsəydilər də, o dövrdə Rusiyada təzəcə fəaliyyətə başlamış andlılar məhkəməsi bu cəhəti gözdən qaçırmaz və yol verilmiş xətanı düzəldərdilər. Amma Karamazov press-papye ilə deyil, Smerdyakovun dediyi kimi, həvəngdəstə çəkici ilə öldürülübsə, onda qatil başqa adamdır. Uotson, bu, aydın məsələdir! Yeri gəlmişkən, lakey deyib ki, press-papyeni sildikdən sonra onu yerinə qoyub. Axı siz bilirsiniz ki, qan izlərini təmizləmək bəzilərinin düşündüyü kimi asan deyil, ona görə də böyüdücü şüşə ilə silahlanmış hər bir kəs işin nə yerdə olduğunu dərhal anlayardı.
Holmsun gətirdiyi dəlillərdən sadəcə karıxıb qalmış və sarsılmışdım. O isə ardıcıl surətdə sözlərinə davam edirdi.
– Smerdyakovun İvan Karamazovla son söhbətini yadınıza salın. Smerdyakov son dərəcə həyəcanlı haldadır, o, dəlilik adlı uçurumun qarşısında müvazinətini saxlamaq istəyir. Bu halda onun şübhələrdən əzab çəkdiyini, dumanlanmış ağlının hələ də “Mən öldürmüşəm!” fikrinə etiraz etdiyini düşünmək məgər daha məntiqi deyilmi? Smerdyakovun özünü öldürməsi peşmanlığın, ümidlərin məhv olmasının nəticəsi deyildi, bu bir adamda bir-birinə zidd olan iki əks “Mən”in mövcud olmasının mümkünsüzlüyü idi. Lakeyin yorğun şüuru bu ikiləşməyə tab gətirmir. Smerdyakov özünü öldürməklə məhkəməni müttəhimdən yox, şahiddən məhrum edib, çünki onun tutqun sayıqlamalarına qulaq asaraq, hadisələrin həqiqi axarını ayırd edə biləcək bir insanın meydana çıxmayacağına heç kim zəmanət verə bilməz. Smerdyakovun ifadələrini məhkəmənin diqqətə alıb-almaması başqa məsələdir. Axı hər necə olsa da, Smerdyakov psixi xəstədir, yəni onu məsuliyyətə cəlb etmək çətin məsələdir. Məncə, məhkəmə onun ifadələrini nəzərə almayıb.
Mən Holmsa qulaq asırdım, eyni zamanda, sual verməyə fürsət axtarırdım. Holms susduqda əsəbi halda qışqırdım:
– Bəs onda qatil kimdir?
– Romalılar buna sualla cavab verirdilər: “Bu kimə sərfəli idi?” Gəlin onların məsləhətinə qulaq asaq və cinayətə sövq edən səbəbi müəyyənləşdirməyə çalışaq. Aydındır ki, bu səbəb puldur. Romanda Fyodor Karamazovun ölümündə potensial səbəb kimi iki məbləği göstərmək olar: Fyodor Pavloviçin Qruşenkaya verəcəyi 3000 rubl və ataları öldüyü təqdirdə Karamazov qardaşlarının miras kimi alacağı 120000 rubl. Bu 3000 rubl kimi maraqlandıra bilərdi? Smerdyakovu. Bu məbləğ İvan Karamazovdan almaq istədiyi pullarla birlikdə ona Parisə getməyə imkan verərdi. Başqa sözlə desək, bu pullara sahib olmaqla o öz arzusunu həyata keçirə bilərdi. Amma Smerdyakov öldürməmişdi, elə deyilmi?
Mən razılaşıb başımı tərpətdim. Holms bunu görmədi, təbii ki, onun fikri öz fərziyyələrində idi.
– Başqa kim ola bilər? – deyə o soruşdu və özü də cavab verdi: – Ortancıl qardaş, Dmitri. Katerina İvanovnaya olan borcunun bir hissəsini ödəmək və bununla da hələ ümidsiz bir insan olmadığına inam qazanmaq üçün bu 3000 rubl ona çox lazım idi. Lakin yenə cəsarətlə deyə bilərik ki, Dmitri atasını öldürməyib. Mityanın o gecəki hərəkətlərini müəllif özü nağıl edir, ona inanmaqsa bizim borcumuzdur. Beləliklə, nəticə çıxaraq: qətlin səbəbi 3000 rubl deyil.
– Miras, – yavaşdan dedim.
– Bəli, miras! – Holms təntənə ilə dedi. – 120000 rubl böyük puldur. Fyodor Pavloviçin sərvəti kimə miras qalacaq? İvan, Dmitri, Alyoşa. Karamazov ­qardaşları. Dmitri öldürməyib, biz bunu aydınlaşdırdıq. Qalır İvan və Alyoşa. Alyoşa və İvan. Onlardan hansı?
Holms gözlərini buxarıda rəqs edən alov dillərindən çəkib mənə baxdı. Özümü pis hiss etdim.
– Bəs onlardan hansı öldürüb? – deyə o təkrar etdi və bir az gözləyib dedi: – Yaxşı. Atalarının ölümündə şübhəli olan bu iki nəfərin hərəkətlərini araşdıraq. İvan. O öz atasını qətlə yetirə bilərdimi? Bilərdi. Doğrudur, o, Smerdyakova deyir ki, Çermaşnıya gedəcək, bununla, əslində, atasının qətlə yetirilməsinə razılıq verərək Smerdyakovun əl-qolunu açır. Smerdyakov İvanın sözlərini məhz belə başa düşür, həqiqətdə də məhz belə olub. İvan getməyinə gedir, amma getdiyi yerdə qalırmı? Onun öz sözlərindən başqa romanda bu barədə məlumat yoxdur. Nə üçün bunun əksini düşünməyək? İvan hər gecə atasının bağına gəlib, Smerdyakovun beyninə saldığı fikri onun həyata keçirib-keçirməməsini yoxlaya bilməzdimi? Bəli, bu ola bilərdi. Əgər belədirsə, onda hadisələr necə cərəyan edərdi?.. Dmitrinin Qriqorini vuraraq qaçdığını İvan öz gözləri ilə görür. Fyodor Pavloviç otağa cumur. Smerdyakov yoxdur. İvanın planı alt-üst olur və o, fürsətdən istifadə etməyi qərara alır. Evə girib atasını öldürür. Son anda bağda gizlənməyə macal taparaq, orada Smerdyakovu görür və anlayır ki, lakey özündə deyil, hələ evdə olarkən onun hərəkətlərini açıq qalmış pəncərədən izləyən İvan cinayəti ya onun, ya da Dmitrinin üstünə atmağı qərara alır. Günahı məhz kimin üstünə yıxacağını hələ gələcək göstərəcəkdi, amma əlbəttə ki, analitik ağıla malik olan İvan müttəhimlər kürsüsündə lakeydən çox qardaşını görmək istəyərdi: qardaşı müttəhim kimi istintaqa cəlb edilsəydi, miras hüququndan da məhrum olunacaqdı, bununla da İvana düşən pay 20000 rubl yüksələcəkdi. İvan məhz buna görə axırıncı söhbət zamanı Fyodor Pavloviçi öldürdüyünü etiraf edən Smerdyakovun sözlərinə inanmaq istəmirdi, çünki 20000 rubl onun əlindən çıxırdı!
– Qatil odur! – bərkdən dedim.
– Uotson, siz həmişə olduğu kimi nəticə çıxartmağa tələsirsiniz, – Holms sakitcə cavab verdi. – Mənim təsvir etdiyim səhnə zahiri tamlıq və məntiqilik cəhətdən heç bir tənqidə tab gətirməz. Yadınıza salın: İvan qətl haqqında danışanda, hər şeydən əvvəl, əsasən ideyanı, qətl törətməyə haqq qazandıracaq ideyanı, onun üçün atası Fyodor Pavloviç Karamazovun şəxsində təcəssüm olunan şəri məhv etməyin məqsədəuyğun olduğunu təsdiq edən ideyanı həll etməyə çalışır. Əlbəttə, biz başa düşürük ki, İvan həyət qapısının yanında bu fikri nəinki Smerdyakovun beyninə yeritməyə çalışırdı, hətta onu birbaşa böyük Karamazovu öldürməyə sövq edirdi, hərçənd qeyd etmək lazımdır ki, açıq-aşkar “Get, öldür!” də demirdi. Lakin onun sözlərinin altında məhz bu əmr dayanırdı. Ona görə də, əgər Karamazovun Smerdyakov tərəfindən öldürüldüyünü qəbul etsək, onda cinayətin əsl günahkarı İvandır. Amma Smerdyakov öldürməmişdi. Bu halda sual yaranır: “İvan özü öldürə bilərdimi?” Necə deyərlər, o, doğrudan da, sözdən əmələ keçə bilərdimi? Bayaq mən buna müsbət cavab verdim. Lakin mənim cavabım yalnız məkan və zamana dayanırdı, mən İvanın Çermaşnıya getməsini nəzərdə tuturdum, amma məsələnin psixoloji tərəfinə qətiyyən toxunmurdum. Unutmayın ki, İvan sağlam düşüncəli adamdır, o, yalnız atasının ölümündən sonra dəhşətli dərəcədə əsəbiləşərək dəli olmaq həddinə çatır. Belə bir adam Dmitrinin yerə atdığı həvəngdəstə çəkicini qaldırıb, öz doğma atasının başını soyuqqanlılıqla yara bilərdimi? İstintaqı çaşdıra bilmədiyi halda ən azı iyirmi il sürgündə qalacağını anlaya-anlaya bunu edə bilərdimi? İnanmaq olmur, Uotson, inanmaq olmur! Sözlə əməlin arasında nə qədər dərin uçurum olduğunu siz məndən yaxşı bilirsiniz. Üstəlik, cinayətlərin təhqiqatı zamanı əldə etdiyim təcrübəyə söykənərək deyə bilərəm ki, daim qətl haqqında düşünən adam, adətən, heç kimi öldürmür; əksinə, qətl törətməyə hazırlaşan adam hər tində-bucaqda bu barədə danışmır, o anlayır ki, bu halda hamıdan əvvəl ondan şübhələnəcəklər. Yeri gəlmişkən, atasına qarşı olan hisslərini açıq şəkildə deyən Dmitridən qətli araşdıran Perxotinin də şübhələnməsi bunu təsdiqləyir. Lakin nə Dmitrinin hədələri, nə də İvanın nəzəri fikirləri onların günahkar olduğunu sübut etmir, əksinə, bu göstərir ki, onlar günahsızdırlar. Son bir şeyi də deyim. Uotson, Sko-to-pri-qon-yevskdən qayıtdıqdan sonra İvanın hərəkətlərini yadınıza salın. Lənət şeytana! – Holms özünü saxlaya bilmədi. – Rus şəhərlərinin adını deyərkən adamın dili topuq vurur! Hə, harada qalmışdıq... Beləliklə, İvanın hərəkətlərini xatırlayın, təkrar edirəm, sözlərini yox, hərəkətlərini yadınıza salın. Çünki əgər istəsək, onun sözlərinin doğruluğuna şübhə edə bilərik. Onun Katerina İvanovayla görüşməsi, Smerdyakovun yanına iki dəfə getməsi, Alyoşa ilə qısa söhbəti – bütün bunlar sübut edir ki, o, atasını öldürməyib, amma əmindir ki, Dmitri öldürüb. Hər şeydən əlavə, Dostoyevskinin müəllif ruhu da bizi buna inandırır. İndi nəticə çıxaraq: Smerdyakov kimi İvan da öz atasını fikrində öldürmüşdü, həm də dəfələrlə, amma İvan qatil deyil. Doğrudur, lakeyə inandıqdan sonra o həm atası qarşısında, həm də daha çox günahsız olaraq həbs olunmuş qardaşı Dmitrinin qarşısında öz günahını dərk edir. Nəticədə, İvanın dəmir iradəsi sınır və o, ağlını itirir. Smerdyakovun İvana dediyi son sözlərə fikir verin: “Əlvida, ey keçmişdə cəsur olan insan!”
Holms susdu. Məni üşütmə tutmuşdu. Kəkələyə-kəkələyə dedim:
– Onda... Amma bu mümkün deyil! Siz nə düşündüyünüzü bilirsinizmi?!
– Nə üçün? – Şerlok Holms bir anlığa mənə baxdı və dərhal da gözlərini çəkdi. – Axı siz Alyoşanın günahsız olduğuna nə üçün bu qədər əminsiniz?
– Alyoşada insanlara xas olan bütün müsbət keyfiyyətlər cəmlənib, – Holmsun dəhşətli fərziyyəsindən, ən çox da bu fikirləri sakitcə və inamla deməsindən elə hirslənmişdim ki, öz münasibətimi gizlətməyi lazım bilmədim. – Holms, mən də sizin kimi ingilis kilsəsinə mənsubam, buna görə də rəsmi pravoslavlığın durğunluğuna qarşı mübarizə aparan humanist pravoslav təlimi mənə yaddır, amma bu təlimin nümayəndəsi olan kiçik Karamazov məndə hörmət hissi doğurur. Bundan əlavə, Alyoşanın dediklərinin əksəriyyəti mənim fikirlərimlə üst-üstə düşür. Romanın epiloqunda daşın yanında dediyi sözlər onun imanı, haqqı necə dürüst dərk etdiyini göstərir! O, ətrafına toplaşmış balaca uşaqlara necə mehribanlıq göstərir! Nə qədər həlim və fağır adamdır!
– Elə bu həlimliklə, bu fağırlıqla, – deyə Holms sözümü kəsdi, – o, “Güllələnsin!” əmrini verib!
Mən sarsılmış halda Holmsa baxdım, nəfəsimin tutulduğunu hiss edirdim.
– Ürəkdən gələn bu fəryadı unutmayın, – Holms sözünə davam etdi. – İvan öz balaca qardaşına itlərə yem edilmiş oğlan haqqında danışanda Alyoşa öz dini baxışlarını kənara qoyub, bir an da tərəddüd etmədən o mülkədara cəza verməyin lazım olduğunu dedi.
– Onun yerinə kim olsaydı, bu sözləri deyərdi!
– inamla dedim.
– Məncə, yox.
– Sizdə mərhəmət hissi yoxdur, Holms.
– Uotson, mən realistəm. Alyoşa sizin təsəvvürünüzdə ideal insandır. Siz bu obrazı məhv etmək istəmirsiniz, onun özündə, onun hərəkətlərində, sözlərində nöqsan görmək istəmirsiniz. Amma mən onları görürəm. Və belə düşünürəm ki, Alyoşa öz hökmünü verməklə, bu zamana qədər möminlik pərdəsi altında gizlənmiş öz həqiqi üzünü bir anlığa da olsa, göstərmişdi. Həmin mülkədara ən sərt cəza verilməsini istəməkdə Alyoşa da, siz də haqlısınız. Amma məsələ bunda deyil. Alyoşa bir insanı cəzalandırmağa hökm verə bilərdi, Uotson, ona cəza kəsə bilərdi! Məsələ bu insanın vəhşi, qəddar olmasında deyil. Əzizim Uotson, mən bu fikirdəyəm ki, insanda eyni dərəcədə həm xeyir, həm şər var. Bu hisslər bir-birilə daim mübarizə aparır. Alyoşa da istisna deyil. Zosim atanın yanında olarkən Alyoşanın qəlbində xeyir qalib gəlirdi. Lakin nə üçün düşünmək olmaz ki, şər və pis adamların yaşadığı həyatın ziyankarlığı, gərəksizliyi haqqında İvanın dediyi sözlər Alyoşanı da Smerdyakov kimi özündən ­çıxara bilərdi? Niyə düşünmək olmaz ki, Alyoşa böyük qardaşının təsiri altına düşərək bu addımı atıb, onun bacarmadığı işi həyata keçirə bilərdi? Yadınıza salın, qoca ieromonaxın öldüyü gecə Alyoşanın keçirdiyi hisslər haqqında Dostoyevski nə yazırdı: “Amma o, hər an qəlbinə bu göy qübbəsi kimi ağır və sarsılmaz bir şeyin çökdüyünü getdikcə daha yaxından, daha aydın şəkildə hiss edirdi. Onun ağlına sanki hansısa bir ideya hakim olmuşdu – həm də ömrünün axırına qədər, əbədiyyətə qədər”. Bəlkə, Alyoşa onun təsəvvüründə xeyir və işığın yeganə təcəssümü olan ieromonaxın qəbri önündə atasından, hər kəsə pislik edən bu adamdan qisas almaq qərarına gəlib.
Holms arıq əlini skripkanın üstünə qoyub, nazik, titrək barmaqları ilə simləri dınqıldatmağa başladı.
– Atası öldükdən sonra, – Holms bir az susduqdan sonra dedi, – Alyoşa böyük bir sərvətə sahib olacaqdı. Ona pul lazım idimi? Niyə də yox? O bu pulları Zosim atanın nəsihətlərini həyata keçirmək üçün xərcləyə bilərdi, məsələn, yoxsul ailələrin uşaqları olan İlyuşenkanın, Kolya Krasotkinin, Smurovun tərbiyəsi ilə məşğul olub, onların təhsil haqlarını ödəyə bilərdi. Çünki o da, elə Dostoyevski də Rusiyanın gələcəyini bu uşaqlarda görürdü. Ona görə də, Uotson, etiraf etmək lazımdır ki, Alyoşanın öz atasının ölümünü arzulamağa bütün əsasları vardı! Həmin gecə onun harada olduğunu biz bilmirik. Bəlkə, atasının bağında olub? Dmitrinin hədələrindən hamı kimi onun da xəbəri vardı. O, qardaşını bundan çəkindirmək istəyirdimi? Çətin ki. Əksinə, o, ədalətin qələbə çalmasının şahidi olmaq istəyirdi, görünür, o da bunu atasının qətlində görürdü. Beləliklə, Alyoşa bağdadır. O, pəncərənin aşağısında əlində həvəngdəstə çəkici tutmuş Dmitrini görür. Sonra Qriqori gəlir və qəfil zərbə ilə yerə yıxılır. Dmitri həvəngdəstə çəkicini tullayır və başılovlu qaçır. Alyoşa karıxıb qalır. Görünür o, ilahi cəzanın ortancıl qardaşın əli ilə gələcəyinə ümid etdiyi üçün atasını öldürmək niyyətində deyildi, lakin Dmitrinin qaçması ilə o, seçim qarşısında qalır: ilahi cəzanın yerinə yetməsi üçün özü vasitəçi olsun, yoxsa şərin təntənəsinə icazə versin? O, birincini seçir, üstəlik ondan şübhələnən də olmayacaq – sağ qalan Qriqori Dmitrini göstərəcək. Atası Smerdyakovdan başqa, yalnız Alyoşaya inandığı üçün qapını ona açır və bundan istifadə edən kiçik oğul öz atasını öldürür. Sonra Alyoşa qanlı çəkici cığıra tullayır və qaranlıqda gözdən itir. Qətl törədilib. Alyoşanın da düşündüyü kimi, Dmitridən şübhələnirlər. Biz hansı nəticəyə gəlib çıxırıq? Alyoşa varlı, çox zəngin bir adama çevrilir: Dmitri mirasdan məhrum edilir, çünki həbs olunaraq məhkum edilib, İvanın payı da Alyoşaya keçir, belə ki, Uotson, siz də bilirsiniz ki, dəlilik miras hüququnun üstündən xətt çəkir, bununla da 120000 rubl kiçik qardaşa ­çatır! Onun İvana və Dmitriyə yazığı gəlirmi? Güman etmirəm. Dərindən fikirləşsək, onlar da “gərəksiz, ziyankar” insanlar kateqoriyasına aiddirlər. Alyoşa “Güllələnsin!” hökmünü çıxardıqda nə üçün qardaşlarını düşünmür? Çünki onlar zavallı uşağın dəhşətli ölümünə bais olmuş əclafdan yaxşı olsalar da, əslində, gərəksiz, məqsədsiz, imansız və bivec adamlardır. Yox, Alyoşanın onlara yazığı gəlmir. Qətldən sonrakı ayda onun etdiyi hərəkətlər şübhəni öz üzərindən atmağa yönəlməyibmi? Amma narahat olmağa səbəb yoxdur. Baxın, müəllif onu belə təsvir edir: “...o, cübbəsini çıxarıb atmışdı, indi gözəl tikilmiş sürtuk geyinir, başına yumşaq, dəyirmi şlyapa qoyur və saçlarını qısa vurdururdu. Bütün bunlar ona çox yaraşırdı, indi o, tamamilə qəşəng bir oğlana çevrilmişdi. Onun mehriban üzü həmişə sevinc içində olardı, amma bu sevincdə nə isə bir mülayimlik və sakitlik vardı”. Qibtə oyadan bir sakitlik, doğru deyilmi, Uotson? Fikir verin, hadisələrin gedişatı onu yalan danışmaqdan və vicdan əzabı çəkməkdən xilas etdi: o, hamını Dmitrinin günahsız olduğuna inandırmağa çalışır və bunu səmimi qəlbdən edir.
Holms qəlyanını yandırdı.
Mən də öz qəlyanımı götürdüm. Şerlok Holmsun dayanmadan bu zavallı başıma yağdırdığı təxminlər, fərziyyələr, faktlar qarışıqlığını ayırd etməyə acı “dəniz” tütününün də köməyi olmadı.
– Amma həqiqət naminə etiraf etmək lazımdır ki, – Şerlok Holmsun səsi məni bu qarmaqarışıq fikirlərdən ayırdı, – romanda çox şey Alyoşanın qatil olması fərziyyəsinə ziddir. Mən onun günahsız olduğunu sübut edən çox dəlillər gətirə bilərəm, amma sizi yalnız bu dəlillərin ciddiliyinə, təkzibedilməzliyinə inandırmaqla kifayətlənərəm.
Mən çaşqın halda Holmsa baxdım:
– Bəs onda qatil kimdir?
– Bəlkə də, xanım Xoxlakova haqlıdır, qətli elə Qriqori törədib.
– Axı bu onun nəyinə lazım idi?
– Nökər “balaca adam”dır, nə bilmək olar? Şəxsiyyətinin tapdanması, ləyaqətinin təhqir olunması hissi Karamazov kimi kobud və tərs adama qarşı onun ürəyində nifrət hissi oyada bilərdi. Bəlkə də, bunların heç biri olmamışdır, amma Dmitrinin vurduğu yara Qriqorinin ağlını başından almış və ağrı, qorxu, qəzəb qəribə şəkildə dəyişilərək heç nədən xəbəri olmayan Fyodor Pavloviçə qarşı nifrətə çevrilmişdir. Başqa sözlə desək, qətl heç bir səbəb olmadan affekt halında törədilib. İstisna deyil ki, əslində hər şey məhz belə olub. Kim bilir...
– Deməli, qatilin kim olduğunu siz də bilmirsiniz, – deyə köks ötürərək soruşdum.
– Əlbəttə ki, yox! – Holms dedi və dərhal gözlərini qıyaraq hiyləgərcəsinə dedi: – Amma siz bilirsiniz, Uotson.
– Mən?!
– Əlbəttə! Mən qatilin kim olduğunu sizdən soruşduqda dərhal Smerdyakov deyə cavab verdiniz. İlkin fikrinizdən imtina etmək üçün tutarlı əsaslar görmürəm...
– Dayanın, Holms, axı siz sübut etdiniz ki...
– Əzizim Uotson, mən kimin günahkar olduğunu sübut etməyə çalışmırdım, yalnız onu göstərmək istəyirdim ki, romanın süjeti mükəmməl deyil, çünki bəzi hallarda səbəblə nəticə arasındakı əlaqə pozulub. Vəssalam! İndi başa düşürəm ki, nahaq yerə belə etdim, çünki özümdən asılı olmadan romanın möhtəşəmliyini şübhə altında qoydum, amma inanın ki, bu heç fikrimdən də keçmirdi! Uotson, sizə söz verirəm, bu gözəl kitabı tezliklə unutmağa çalışacağam, çünki bu kitab məni bir daha inandırdı ki, ədəbiyyatdan başım çıxmır, buna görə də gələcəkdə ədəbi qəhrəmanların yox, canlı insanların hərəkətlərini araşdıracağam. Görürəm ki, sizi yordum. Nə xahiş edəcəyinizi əvvəlcədən bildiyimdən, sizin üçün Mendelsonun melodiyasını ifa edəcəyəm.
Holms skripkanı qaldırıb yayı çəkdi və bizim Beyker-strit, 221-b ünvanında yerləşən rahat mənzilimiz ecazkar musiqi sədaları ilə doldu.
15 Press-papye – kağız qurulamaq üçün ağır əşya

Kitabı əldə etmək üçün keçid: Qanun.az

7/04/2017

Kitablar...

Əvvəllər ancaq hər hansı bir şey haqqında məlumat toplamaq lazım gəldikdə kitab oxuyurdum. Ən çox tarixi və dini kitablar marağımı cəlb edirdi. Daha sonra təsadüfən kitab mağazasının yanından keçərkən, Mayn Rid`in "Başsız Atlı" əsərini aldım. O kitabı oxuyandan sonra, məndə sözün əsl mənasında kitab oxumağa maraq yarandı. Kitablarla dostluğum o zamandan başladı və o gündən bu günə kimi oxuduğum kitabların tam sayını xatırlamıram. Kitablarla dostluğum 2006-cı ildən başlayıb və hal hazırda şəxsi kitabxanamda iki yüzə yaxın kitab var.

2016-cı ildən oxuduğum bütün kitabları qeyd edirəm. Oxuduğum kitabları həmçinin GoodReads saytı vasitəsilə paylaşıram.

Kitabları ən çox Kindle vasitəsi ilə oxuyuram. Çünki hər zaman özümlə apara bilirəm və gözlərimi qətiyyən yormur. (Telefon, planşet, kompüter və s. kimi parlaq ekranlı vasitələrdən kitab oxumağı qətiyyən məsləhət görmürəm) Enerji saxlama müddəti təxminən bir ay davam edir. İşlə bağlı bir yerə gedəndə və ya digər boş zamanlarda Kindle `ni özümlə rahat apara bilirəm, buna görə də heç zaman kitabsız qalmıram.

Ən çox detektiv janrda oxumağı sevirəm. Əlbəttə ki, detektiv janr sevərlər kimi mən də Aqata Krsiti`ni və Artur Konan Doyl`u sevə-sevə oxuyuram. A. Kristi ilə A.K. Doyl`un demək olar bütün əsərlərini oxumuşam.

Ən çox sevdiyim müəllif isə A.K Doyl, Aqata Kristi, Stephen King, Albert Kamyu, Erix Mariya Remark, Fyodor Dostoyevski`dir. Ümumlikdə bəyəndiyim və kitabını görərkən həmən alıb oxuduğum müəlliflər çoxdur. Amma yuxarıda qeyd etdiyim müəlliflərin hər hansı bir kitabı olanda, o kitab haqqında düşünmədən oxumağa başlayıram.


Ən çox sevdiyim 11 kitab;
  1. A.K Doyl - Şerlok Holmesin macəraları 
  2. Erix Mariya Remark - Lissabonda bir gecə 
  3. Patrik Süskind - Parfümer 
  4. Stefan Zweig - Şahmat 
  5. Albert Kamyu - Vəba 
  6. Mark Levi - Yenidən başlamaq mümkün olsaydı 
  7. Frensis Skott Fitscerald - Dahi Qetsbi 
  8. F. Dostoyevski - Cinayət və Cəza (Raskolnikova yazığım gəlir) 
  9. Haynrix Böll - Bir təlxəyin düşüncələri 
  10. Corc Cordaq - İmam Əli 
  11. Bernhard Şlink - Qiraətçi
Bunlardan əlavə bəyəndiyim kitablar çoxdur amma bunlar ən çox bəyəndiklərimdir.

Bundan sonra bloqumda oxuduğum kitablar haqqında təəssüratlarımı paylaşmağa çalışacam.

Xoş oxumalar.

6/27/2017

Kamil Adgözəlli | Logo

Bir şirkət, qurum və s. də adın qoyulması nə qədər önəmlidirsə, loqonun olması da bir o qədər önəmlidir. İstədiyim qədər alınmasa da bloqumda, çəkdiyim fotolarda və s. də istifadə edəcəyim loqonu özüm Adobe İllustrator ilə hazırladım. Gələcəkdə bloqun genişləndirilməsi zamanı loqonun olması mütləqdir.

Loqo və bir neçə nümunə: behance.net/kamiladgozalli









5/13/2017

Cümə günü İçəri Şəhər

Son zamanlarda turistlərin bol olduğu İçəri Şəhər. Bu fotonu əslində bəzi testlər etmək üçün çəkmişdim, normal alındığı üçün 500PX-də və blogumda paylaşmaq qərarına gəldim. 
14.05.2017-də Cümə günü çəkmişəm.


5/03/2017

Corc Cordaqın "İmam Əli" adlı kitabı haqqında bir neçə cümlə


Corc Cordaq Xristian bir elm adamı və araşdırmaçı olaraq, "İmam Əli, insanlığın Ədalət səsi" adlı üstün kitabını yazmaqla, yalnız İslam dünyasında deyil bütün dünya səviyyəsində, düşüncə və mədəniyyət əhli insanlar arasında yüksək və diqqətə çarpan bir mövqe qazanmışdır.

Əlinin İsadan üstün olduğunu deməyə dinim, İsanın Əlidən üstün olduğunu qəbul etməyə isə vicdanım icazə vermir” deməklə Hz. Əliyə çox böyük sevgi bəslədiyini etiraf edən livanlı xristian şair, yazıçı və dramaturq Corc Cordağın “İmam Əli (ə) İnsan ədalətinin səsi” əsəri dünya müsəlmanları tərəfindən böyük rəğbətlə qarşılanmışdır. Onun beş cilddən (Əli və insan hüquqları, Əli və Fransa inqilabı, Əli və Sokrat, Əli və yaşadığı mühit, Əli və ərəb etnosu) ibarət olan bu əsəri ingilis, fars, urdu və s. dillərə tərcümə edilmişdir.

Bir çox müsəlman alim və mütəfəkkirlərin bu kitabı oxuyub, araşdıraraq Cordaqın araşdırma üslubunu və şərh tərzini təqdir etmişlər. Kitabın oxucuları Hz. Əli (ə) 'ın əxlaqi fəzilətlərini və onun ümumbəşəri düşüncəsini bu kitab sayəsində daha yaxşı anlaya bilmişlər.

Ümumiyyətlə ya bilərəkdən ya da bilmədən bizlərin beyninə elə həkk olub ki, o dövrdə yaşayanların işi ancaq qılınc vurmaqdan, müharibə aparmaqdan və yaxud gecə-gündüz ibadət etməkdən ibarət olub.

Bu kitab İmam Əli (ə)'ın istər xəlifəlik istərsə də xəlifə olmadığı zamanlarda insan haqlarına, insanlığa necə dəyər verdiyini, xalqa neçə rəhbər olduğunu və imam dünyadan köçdükdən sonra dövlətin başına kimlərin keçdiyini, İmam Əli (ə)`ın həyata keçirdiyi ədalətin necə ortadan götürüldüyünü müəyyən qədər izah edir.

İstər müsəlman və ya başqa bir dinə mənsub insanlar bu kitab vasitəsilə Peyğəmbər (s)`dan sonraki İslam dövləti haqqında, İmam Əli (ə)`ın xəlifəliyi haqqında, İmam Əli (ə)`ın insani keyfiyyətləri haqqında məlumat əldə edə bilərlər.

Kitabı BU ünvandan sifariş verə bilərsiniz.

Mən də öz növbəmdə istərdim ki, bu kitabdan seçdiyim bəzi cümlələri sizin üçün paylaşım.

1. Tarix səhifələrində döyüş meydanında düşmənlərinə insan olduqlarına görə rəhm edən, hətta dostlarına da bunu tövsiyə edən şücaətli döyüşçüyə, düşmənlərin hiylə və kələk oxlarının hədəfinə çevrildiyi zaman əsgərlərinə “onlar döyüşə başlamadan siz başlamayın, Allahın yardımı ilə məğlub olsalar, təslim olanları qətlə yetirməyin, qaçanları təqib etməyin, yaralılara başqa bir yara vurmayın, əksinə, yardım göstərin, qadınları incitməyin” deyən islahatçıya rast gəlmisinizmi?

2. Əlinin gözəl xüsusiyyətlərindən biri də sonsuz dərəcə əliaçıq olmasıdır. Amma onun etdiyi hədiyyələr despot və diktatorların xalqın zəhmət və əzab-əziyyətləri hesabına toplanmış maldan verdikləri hədiyyələrdən fərqli olaraq, pak, sağlam məqsədlərə xidmət edən hədiyyələr olmuşdur. Onlar hədiyyəni səltənət və hökumətləri uğrunda qılınc çalmış yaxınlarına və havadarlarına vermişlər. Hətta bunu özlərinin səxavətli və əliaçıq olduqlarını göstərmək, camaatın diqqətini cəlb etmək, qanunsuz yeyintilərinin, oğurluqlarının, idarəçiliklərinin zəifliyinin və sairin üzərinə pərdə çəkmək üçün etmişlər. Əslində, hədiyyənin bu şəklinin rüşvətlə heç bir fərqi yoxdur. Tarixdən bizə məlum olan əksər səxavətli insanların, düzünə qalsa, əksəriyyəti bu cür olmuşdur. Amma Əli bütün ömrü boyu bircə dəfə də əlini belə bir işə bulaşdırmamışdır. Əlinin səxavəti onun bütün alicənablıqlarının əsasını təşkil edir. Bu xüsusiyyət Əlinin ruhu ilə yoğrulmuşdur. O, qızını beytülmaldan boyunbağı götürdüyü üçün məzəmmət edir, haqqı olmaya-olmaya beytülmaldan pay istədiyi üçün qardaşı Əqili özündən incik salır, rüşvətxoru, zəhmətsiz sərvətə sahib olmaq istəyənləri özündən uzaqlaşdırır. Tarixi mənbələrin əminliklə yazdığı bir xəbərə görə, Əli yəhudilərin Mədinədəki xurmalıqlarını suvarar, əlləri qabar bağlayana qədər çəkdiyi zəhmət müqabilində aldığı əməkhaqqını yoxsullara verər və ya həmin pulla qul azad edərmiş. Şöbi Əlini yaxşı tanıyan insanlara istinad edərək belə qeyd etmişdir: “O öz malından xalq yolunda xərcləyən ən səxavətli və əliaçıq insan olmuşdur”. Əgər düşmənlərin şahidliyi qəbul olunsaydı, Əlinin səxavətinin hər zaman onun üstün keyfiyyətlərini ört-basdır etməyə çalışan Müaviyə ibn Əbu Süfyan tərəfindən belə təriflənəcək həddə olduğunun şahidi olardıq.

Müaviyə belə demişdir: “Əgər Əlinin bir ev dolu xalis qızılı və bir ev dolu otu olsaydı, qızılı otdan qabaq bağışlayardı”.
3. Əli azadlığın çox geniş bir məna ifadə etdiyini insanlara başa salırdı, paralel olaraq məsuliyyət hissinin də məzmun çərçivəsini genişləndirirdi. Sözügedən vasitədən istifadə formasını Əlinin bir kəndin əhalisi ilə münasibətlərində çox aydın şəkildə görmək olar: “Bir kəndin əhalisi yararsız vəziyyətə düşmüş çayın məcrasını təmizləmək qərarına gəlir. Onlar Əlidən həmin kəndə baxan nümayəndəsinə kəndliləri bu işə məcbur etməsi ilə bağlı göstəriş verməsini istəyirlər. Əli nümayəndəsinə tapşırıq verir ki, onları bu işə məcbur etməsin. Onlara çayı təmizləmək əvəzində haqq verilsin, onlar qazanc əldə etsinlər”. Əlinin çayı təmizləmək üçün insanları məcbur etməməsi onların azadlıq hüquqlarının qorunması, haqq təyin etməsi isə onlarda məsuliyyət hissinin yaranması ilə nəticələnir. Əlbəttə, kəndin əhalisi bu zaman azad idi, onlar bu işi görmək və ya ondan imtina etməkdə ixtiyar sahibi idilər. Əlinin bu insanlıq hissini ondan on əsr sonra yaşamış dahi Fransa mütəfəkkiri Jan Jak Russo belə ifadə etmişdir: “İnsana inamımız və insanlığa olan sevgimiz bilgisi az olan bir kölədən düşüncəli və müdrik bir insan yaratmamız üçün xeyirxah təbiətimizdəki ən dərin duyğuları oyadır”.

4. Cəmiyyətin fərd, fərdin isə cəmiyyət üzərində haqları vardır. Cəmiyyət üzvləri bir-birlərini tamamlayan vahid bir bədən kimidir. Gördüyü iş müqabilində hər bir fərd əməkhaqqı almalıdır: “Allah həyatı insanlar arasında bölüşdürmüşdür”. Heç kəs başqasının əməkhaqqısını mənimsəyə bilməz. Amma cəmiyyət işləmək imkanı olmayan fərdlərin ehtiyaclarını ödəməlidir. Hamını əhatə edən ədalət onlara da şamil olmalıdır. Bu, minnət deyil, fərdin cəmiyyət üzərindəki haqqıdır, yaxşılıq deyil, vacib vəzifədir. Əlbəttə, bu haqqın bərpası dövlət və onun nümayəndələrinin vəzifələrinə daxildir. İmam Əli buyurmuşdur: “Cəmiyyətin bu hissəsinin ədalətə digərlərindən daha çox ehtiyacı vardır. İşləmək gücündə olmayan yetim uşaqlar və qocalar himayə altına alınmalıdır”. Əli bu sosial qanununun adını “sosial sığorta” adlandırmasa da, sözügedən sosial zərurətin kəşfində Qərbin minlərlə mütəfəkkir və alimini qabaqlamayıbmı?

5. İnsan ədalətinin simvolu İmam Əli ibn Əbu Talibə doğru çirkli əllər uzandıqdan sonra bəşəri və ictimai faciələr meydana çıxdı, ərəb tarixinin lövhəsində həkk oldu və bunun əsasında Şərqdə bir dövlət yarandı. 
... İnsanlar İmam Əliyə qarşı necə hiylə işlətdilər? Çirkli əllər ona doğru necə uzandı? SON

Qeyd:
Yazıda Corc Cordaqın kitabı ilə yanaşı, Qanun.az saytındaki bəzi materiallardan istifadə edilmişdir.

3/31/2017

Green Screen texnologiyası nədir ?


Indiki dövrdə xüsusilə kino sektorunda, reklamlarda, xəbər proqramlarında və kliplərdə tez-tez rast gəldiyimiz Green Screen texnologiyası yaşıl və ya mavi arxa fon ilə iki fərqli görünüşü birləşdirmək üçün istifadə edilir. Bu şəkildə təhlükəli səhnələr, yüksək miqdarda xərc tələb edən səhnələr və çəkilməsi qeyri-mümkün olan elmi fantastika filmlərinin asan şəkildə çəkilməsi mümkün olur. Bu texnologiya eyni zamanda Chromakey (kilid rəng), Greenbox, Bluescreen, Bluebox ya da Colorkeying olaraq da adlandırılır. İlk olaraq 1940-ci ildə Larry Butler tərəfindən çəkilmiş olan The Thief of Bagdad (Bağdad Oğrusu) filmində istifadə edilmişdir və bu texnika sayəsində film Oscar mükafatına layiq görülmüşdür.

Necə istifadə edilir?

Indiki dövrdə Green Screen texnologiyasının istifadə edilmədiyi çəkiliş sahəsi demək olar ki, yoxdur. Çoxu film və serialların səhnələrində həm xərc həm də zaman baxımından qənaət etmək məqsədi ilə bu texnologiyadan geniş istifadə edilir. İstifadəsi isə bu cürdür:

Səhnələr düz yaşıl ya da mavi rəngli fonda çəkilir və sonra xüsusi kompüter proqramları sayəsində bu fon silinərək səhnədə istifadə ediləcək olan arxa plan və effektlər montajlanır. Düşünülənin əksinə çox detal və diqqət tələb edən bir texnologiyadır. İşıqların və bucaqların düzgün ayarlanamadığı vəziyyətlərdə Green Screen pis və narahatlıq verici bir nəticə verə bilər. Bu cür vəziyyətlərdə səhnənin təkrar çəkilməsi qaçınılmaz bir vəziyyətdir.

Foto:1 (A set for The Spiderwick Chronicles (2008))

Niyə Yaşıldır?

Green Screen texnologiyasında yaşıl rəng fon istifadə edilə bildiyi kimi eyni zamanda mavi rəng fon istifadə edilərək də həyata keçirilə bilər (Bluescreen). Bunun səbəbi mavi və yaşılın bədən rənglərinə ən uzaq rənglər olmasıdır. Bədən rəngində olmayan rənglər rəqəmsal mühitdə daha bir-birindən daha asan ayrılır.

Yaşılın mavidən daha çox üstünlük edilməsindəki əsas səbəb isə yaşılın maviyə görə ton və kontrast baxımından daha effektiv bir rəng olmasıdır. Lakin səhnədə istifadə olunan kostyum və obyektlər də bu vəziyyətdə təsirlidir deyə bilərik. Məsələn yaşıl arxa fonda yaşıl rəng geyinən bir aktyorun olması rəqəmsal mühitdə ayırd edilə bilmədiyi üçün paltarının də montajlanmasına yol açır. Nəticə olaraq paltar görünməz olur. Bu səbəblə arxa fonda mavi istifadə olunmasına üstünlük verilir.

Açıq hava çəkilişlərində isə yaşıl rəng fon istifadə edilməyə diqqət edilir çünki səmanın mavi rəng olması eyni şəkildə montajda çətinliyə yol aça bilməkdədir. Bu səbəblə rəng seçimləri Green Screen texnologiyası üçün böyük bir əhəmiyyət daşıyır.


3/25/2017

Hootsuite ilə Sosial Şəbəkələri Tək Bir Yerdən İdarə Edin!

Twitter, Facebook kimi sosial şəbəkələri vahid bir mərkəzdən izləyib idarə etmək üçünən yaxşı vasitələrdən biri heç şübhəsiz HootSuite`dir. 

Birdən çox sosial şəbəkəni eyni anda istifadə etməyə çalışırsınızsa, zamanın gerisində qalmamaq üçün böyük bir səy göstərirsiniz deməkdir. İdeal həll yolu isə, tək bir sosial şəbəkə istifadə etmək ola bilər ancaq, bunu etmək istəmirsinizsə, sosial hesablarınızı bir yerdə toplayan bu xidmətdən istifadə edə bilərsiniz.

Hootsuite, qüsursuz olmasa da, bu vəzifənin öhdəsindən gələn ən yaxşı variantlardan bir hesab etmək olar. Daha çox internet reklam agentlikləri tərəfindən istifadə edilən Hootsuite, sosial hesablarınızı bir yerdə toplayıb, sosial şəbəkə hesablarınızı tək bir nöqtədən idarə etməyinizə imkan verir. Hootsuite`den yalnız reklam agentlikləri deyil, normal istifadəçilər də istifadə edə bilərlər. Əlbəttə, HootSuite`nin bəzi məhdudiyyətləri də var.

Məsələn, Facebook, üçüncü tərəf tətbiqlərin informasiya axınını göstərməsinə imkan vermir. Bu səbəbdən Hootsuite üzərindən Facebook xəbər lentinizi görə bilmirsiniz, bunu Facebook saytından etməyiniz lazımdır. Eyni mövzu Instagram üçün də keçərlidir. Ancaq Hootsuite, Facebook Səhifələrini idarə edə və Instagram paylaşımlarınızı planlaşdırmağınıza icazə verir. HootSuite, Twitter, Google+Linkedin`i də izləməyinizə imkan tanıyır.

Hootsuite`də ödənişsiz bir hesab açaraq üç fərqli sosial şəbəkə hesabınıza əlavə edə bilərsiniz. Bu sizə çox vaxt yetəcəkdir ancaq sosial şəbəkələri aktiv istifadə edirsinizsə, ayda 10 dollar ödəyib Pro hesabına keçə bilərsiniz. Pro hesabında, hesabınıza 50 şəbəkə əlavə edə, birdən çox TwitterFacebook səhifəsini idarə edə bilərsiniz. Whatsapp, Pinterest Snapchat isə dəstəklənmir.

3/12/2017

1.56 Gb-lıq foto

Bu fotonu 2014-cü ilin sentyabr ayında, bulvarın AzNeft dairəsinə tərəf düşən hissəsi istiqamətindən çəkmişəm. Təxmini iki saata ərsəyə gələn bu foto, 70 fotonun birləşməsindən ibarətdir və həcmi 1.56 GB-dir. Fotonu üç dəfəyə çəkmişəm. Əvvəlcə hava, sonra orta hissə və aşağı hissə. Daha sonra onları birləşdirmişəm. Orijinal foto üçün keçid
Canon EOS 600D 
18mm
/ƒ/3.5
/1/800s
/ISO 100
Panorama by KAmil ADGOZALLI on 500px.com

3/07/2017

Afrikanın qarnını doyurmayan sərvəti


Daim məni ən çox üzən məsələlərdən biri də dünyanın bir çox ölkələrində, xüsusilə Afrikada günahsız insanların aclıqdan, susuzluqdan, müharibələrdən və s. səbəblərdən bilərək qətl edilməsidir.

Müstəmləkəçilər
Ona görə bilərəkdən deyirəm ki, başını bütün ölkələrin işlərinə soxan böyük dövlətlər istəsələr ən qısa zamanda aclığı aradan qaldırarlar. Ancaq etmək istəmirlər. Çünki bu onlara sərf etmir. Əgər onlar bunu etsələr onda gərək Afrikadaki qızıldan, neftdən, almazdan və daha bir çox sərvətlərdən uzaq düşsünlər.

Çoxu Afrika ölkəsinin sərhədləri, müstəmləkəçi dövlətlər tərəfindən bir-birləri arasında həyasızcasına bölüşdürülüb. Bu vəziyyət, Afrikada illərlə davam edən daxili qarşıdurmalar və sərhəd müharibələrinə səbəb olub, bu da Afrikadakı aclığı və səfaləti artırmışdır.

Dünyanın bir çox bölgəsində yemək bolluğundan irəli gələn köklüklə mübarizə aparılarkən, insanlar daim pəhrizlərlə zəifləməyə çalışarkən, digər tərəfdən, dünyanın o biri tərəfində, Afrikada, təxminən 14 milyon insan aclıqdan ölmə təhlükəsi ilə üz-üzə qalıb.

Ölümlə üz-üzə qalan milyonlarla insan
Beynəlxalq Miqrasiya Təşkilatı (IOM), Cənubi Sudan, Somali, Yəmən Nigeriyanın şimal-şərqində 20 milyon insanın qarşı-qarşıya olduğu aclıq böhranına həll olması üçün beynəlxalq ictimaiyyəti hərəkətə keçməyə çağırıb.

Dünya Ərzaq Proqramı da bu dörd ölkədə indidən aclıq baş verdiyini və 20 milyon insanın aclıqdan ölüm təhlükəsi ilə qarşı-qarşıya olduğunu bildirmişdi.

UNICEF `dən Anthony Lake "Bir milyondan artıq uşaq üçün vaxt tükənir. Hələ də bir çox həyat xilas edə bilərik. Ağır yetərsiz qidalanma və yaxınlaşan aclıq böyük ölçüdə insan əli ilə yaradılmış bir vəziyyətdir. Ortaq insani dəyərlərimiz daha tez hərəkətə keçməyimizi tələb edir. Afrikada 2011-də baş verən aclığın təkrarlanması riskini gözə ala bilmərik" deyib.

IOM Sözçüsü Joel Millman, Cənubi Sudanda 20 Fevralda qarşıdurma və qeyri-sabitlik üzündən qıtlıq elan edildiyini, 100 min nəfərin həyatının təhlükə altında olduğunu bildirib və Somalidə də humanitar vəziyyətin getdikcə pisləşdiyini deyib.

1 Yanvar - 26 Fevral arasında Somalidə 138 min insanın yerlərindən dindərgin salındığını, çox sayda insanın yemək tapmaq üçün Efiopiya sərhədinə doğru yönəldiyi bildirilir.

Yəmən daxilində də 17,1 milyon insanın ərzaq sıxıntısı və böhranlarla boğuşduğunu qeyd edən Millman, Yəmənin bəzi bölgələrində qıtlıqla mübarizə aparıldığına da diqqət çəkib.

Mən belə düşünürəm ki, əgər qısa zamanda bir tədbir görülməsə, milyonlarla insan həyatını itirə bilər.


Ört-basdır cəhdləri
Bir şeyidə vurğulamaq istəyirəm ki, son zamanlarda Afrikada aclıq yalanı adı altında insanları inandırmağa çalışırlar ki, orda aclıq olsaydı Somali dünyada əhali artımına görə 16-cı yerdə olmazdı, orda bu olmazdı, o olmazdı və s. İnanın mənə bu hamısı Afrikanı talayan ölkələrin insanların beyninə doldurmağa çalışdığı bir şeydir. Onlar istəyir ki, kimsə onlara deməsin ki, siz onları ac qoymusunuz, siz onların sərvətini talayıb onları ölümlə üz-üzə qoymusunuz.

O qədər deyiləsi, yazılası sözlər var ki, insanın ömrü yetməz hamısını bir anda izah edə bilsin. Məqsədyönlü şəkildə yaradılmış Terror təşkilatları, başqa ölkələrə öz məqsədləri üçün, heç bir tutarlı əsas gətirmədən hücum etmiş istər xristian istərsə də "müsəlman" ölkələri, hər gün statistikalar hazırlayan, ölən uşaqları sayan beynəlxaql təşkilatlar, hər il milyardlarla dollar xərclənilmiş hara getdiyi və nəyə xərcləndiyi bilinməyən sözdə xeyiryyəçiliklər və s. hamısı insanları aldadıb qətl etməkdən və özlərinin varlanmağa çalışmasından başqa bir şey deyildir.

2/26/2017

Xocalı haqqında bir neçə cümlə



Video materiallara və fotoşəkillərə baxmadan belə, Xocalıda baş verənləri düşündükdə, düşmənin nə qədər vəhşi olduğunu və heç zaman bağışlanmayacığını inanmağa yetir.

Qaldı ki, erməni xalqının düşmənimiz olmadığını və ya nə zamansa bağışlanacağını zənn etmək.

Hər bir Azərbaycanlı kimi mən də vətənimə, xalqıma, ümumən günahsız insanların qətl edilməsinə razı olmağım mümkün deyil.

Kimlərsə məni öz insanlarımızı tənqid etməkdə günahlandırsa da mən hər zaman deyirəm ki, bayramlarda qiymət qaldıran, münasibətlərdə xeyir axtaran, ən adi zamanlarda belə fürsətdən istifadə edib xeyir güdməyə çalışan, qərib ölkələrdə bir-birlərinə düşmən kəsilən xalq bu kimi şeyləri bir kənara qoyub, birlik və unutqan olmadığını, vətənini hər hansı bir xeyirdən ötrü satmayacağını göstərməlidir.

Bu yazıda nə tarixi araşdırma nə də hansısa şablon sözləri yazmaq istədim. Sadəcə düşündüklərimi yazdım. Ümid edirəm ki, bundan sonra gələcəyimiz necə olacaq yox, necə çətinliklərdən keçdiyimizə baxıb şükür edərik.

Allah Xocalı şəhidlərinə və bütün günahsız, vətən uğrunda dünyasını dəyişən şəhidlərimizə rəhmət etsin.

Fotonun müəllifi: Kərim Abbasov

QEYD: Blogdaki materiallardan istifadə zamanı, bloga istinad və keçid linkinin yerləşdirilməsi vacibdir. Blogda istifadə olunan fotolar ya rəsmi ya da Stok saytlardan alınmadır. Əgər sizə aid hər hansı bir foto və ya başqa nə iləsə rastlaşsanız, KamilAdgozalli@gmail.com ünvanına yazın və problemi həmən aradan qaldıraq.

2/25/2017

Windows 10'un GodMode rejimini aktivləşdirmək.


Novbəti yazını, Windows 10 istifadəçilərinin işini asanlaşdıracaq GodMode haqqında yazmaq qərarına gəldim. Əvvəlcə onu qeyd edim ki, rejimlərin adını sizlər üçün daha asan olsun deyə İngilis dilində yazacam.

GodMode ilə Control Panel`də mövcud olan bütün variantları eyni nöqtədə birləşdirmək mümkündür. 

Microsoft`a məxsus Windows 7`nin çıxması ilə birlikdə hər yeni Windows versiyasına əlavə etdiyi GodMode kimi tanınan gizli bir xüsusiyyəti var. Bu xüsusiyyətin imkanları, adı kimi hər şeyə imkan yaratmasa da olduqca maraqlı nəticələr əldə etməyimizi təmin edir.

GodMode rejimi, bir sözlə var olan bütün Control Panel variantlarının tək qovluqda toplanmasına verilən addır. Bu qovluq sayəsində kompüteriniz üçün mövcud olan bütün mühüm parametrlərə tək bir nöqtədən çata bilərsiniz.

GodMode qovluğunu yaratmaq isə olduqca sadədir. Etməniz gərəkən isə sadəcə yeni bir qovluq yaradıb GodMode.{ED7BA470-8E54-465E-825C-99712043E01C} olaraq adlandırmaqdır.
GodMode qovluğunu adlandırma

Yaratdığınız qovluğu bu şəkildə adlandırdıqdan sonra GodMode faylını görə bilərsiniz. (Nümunə fotoda)
GodMode İcon

Yaradılan faylın işarəsinin görünüşü, Control Panelin işarəsi ilə eyni olacaqdır. Faylı açıb, var olan bütün Control Panel variantlarını görə bilərsiniz.
GodMode Görünüş

Alternativ Godmode variantları
Rəsmi olaraq var olmayan bu xüsusiyyət, bir müddətdir internet geniş yayıldığı üçün, Microsoft bu gizli variantlarını ümumi istifadəyə vermək qərar verib. Aşağıda Godmode Control Panel bənzəri qovluqlar yarada biləcəyiniz xüsusiyyətləri görə bilərsiniz.
  •  Default Programs.{17cd9488-1228-4b2f-88ce-4298e93e0966}
  • Power Plan.{025A5937-A6BE-4686-A844-36FE4BEC8B6D}
  • Taskbar Options.{05d7b0f4-2121-4eff-bf6b-ed3f69b894d9}
  • This computer.{20D04FE0-3AEA-1069-A2D8-08002B30309D}
  • ID information.{1206F5F1-0569-412C-8FEC-3204630DFB70}
  • Windows Firewall.{4026492F-2F69-46B8-B9BF-5654FC07E423}
  • Network.{208D2C60-3AEA-1069-A2D7-08002B30309D}
  • Download Program from Network.{15eae92e-f17a-4431-9f28-805e482dafd4}
  • Wireless.{1FA9085F-25A2-489B-85D4-86326EEDCD87}
  • Remote Desktop.{241D7C96-F8BF-4F85-B01F-E2B043341A4B}
  • Printers.{2227A280-3AEA-1069-A2DE-08002B30309D}
QEYD: Blogdaki materiallardan istifadə zamanı, bloga istinad və keçid linkinin yerləşdirilməsi vacibdir. Blogda istifadə olunan fotolar ya rəsmi ya da Stok saytlardan alınmadır. Əgər sizə aid hər hansı bir foto və ya başqa nə iləsə rastlaşsanız, KamilAdgozalli@gmail.com ünvanına yazın və problemi həmən aradan qaldıraq.

2/09/2017

Mobil mühitdəki ən yaxşı 6 ofis tətbiqi


Həm iş, həm də digər yerlərdə ən çox istifadə etdiyimiz vasitələrdən olan ofis proqramları, uzun zamandır planşet və ağıllı telefonlar üzərindən də istifadə edilməsi mümkündür. Bu yazıda mobil dünyanın ən yaxşı 6 ofis tətbiqini bir yerə topladıq.

Google Docs

Mobil platformaların ən müvəffəqiyyətli ofis tətbiqlərindən olan Google Docs, yalnız mobil cihazlarda deyil Google Drive sayəsində brauzer üzərindən də istifadə edə biləcəyiniz müvəffəqiyyətli bir vasitədir. Təxminən 180 MB ölçülərində olan Google Docs, axtarış sistemi nəhənginin tək ofis tətbiqi deyil. Googlenin Sheets, Google SlidesGoogle PDF Viewer kimi başqa ofis tətbiqlərinə sahib olduğunu da ifadə edək. Google Docs tətbiqini Android üçün buradan, IOS üçün isə buradan yükləyə bilərsiniz.


Polaris Office

Google Microsoft kimi nəhəngləri saymazsaq mobil dünyanın ən çox sevilən ofis tətbiqlərindən olan Polaris Office, DOC, DOCX, XLS, XLSX, PPT, PPTX, PPS, PPSX, TXT, HWP, ODTPDF formatlarını dəstəkləyir. Həm ödənişli, həm də ödənişsiz istifadə variantları təqdim edən Polaris Office, Android üçün buradan, IOS üçün isə buradan yükləyə bilərsiniz.


Microsoft Word

Ofis tətbiqlərinin atalarından olan Microsoft Word, mobil platformalara addım atmasıyla birlikdə sənəd düzənləmək istəyən istifadəçilərin işini olduqca asanlaşdırdı. Siyahımızın ən böyük tətbiqi olan Microsoft Word, təxminən 480 MB ölçülərindədir. Son olaraq Microsoftun digər ofis tətbiqləri olan Excel PowerPoint'i də mobil cihazlarda istifadə edə bildiyinizi xatırladaq. Microsoft Word tətbiqini Android üçün buradan, Windows Phone üçün buradan, IOS üçün isə buradan yükləyə bilərsiniz.


OfficeSuite + PDF Editor

Həm ofis sənədlərinizi təşkil edə biləcəyiniz, həm də PDF fayllarınızı aça biləcəyiniz bir tətbiq olan OfficeSuite + PDF Editor, xüsusilə Android əməliyyat sisteminin ən məşhur ofis tətbiqlərindəndir. 68 dil seçimi təqdim edən OfficeSuite tətbiqini Android üçün buradan, IOS üçün isə buradan yükləyə bilərsiniz.


WPS Office

MicrosoftGoogle-un həm ofis həm də bulud tətbiqləriylə uyumlu bir şəkildə çalışan WPS Office, OfficeSuite'də də olduğu kimi PDF dəstəyinə sahibdir. Tətbiq içərisindəki sənədlərinizi şifrələmə imkanı da təqdim edən WPS Office tətbiqini Android üçün buradan, IOS üçün buradan yükləyə bilərsiniz.


Quip

Mobil cihazların xaricində Mac Windows platformalarında da çalışan Quip, standart bir ofis tətbiqi olmasının yanında not tətbiqi olaraq da işləyə bilir. Təxminən 50 MB ölçülərində olan Quip tətbiqini Android üçün buradan, IOS üçün isə buradan yükləyə bilərsiniz.

QEYD: Blogdaki materiallardan istifadə zamanı, bloga istinad və keçid linkinin yerləşdirilməsi vacibdir. Blogda istifadə olunan fotolar ya rəsmi ya da Stok saytlardan alınmadır. Əgər sizə aid hər hansı bir foto və ya başqa nə iləsə rastlaşsanız,KamilAdgozalli@gmail.com ünvanına yazın və problemi həmən aradan qaldıraq.

Facebook Səhifəm

Google+ Badge

Önə çıxarılan yazı

Corc Cordaqın "İmam Əli" adlı kitabı haqqında bir neçə cümlə

Corc Cordaq Xristian bir elm adamı və araşdırmaçı olaraq, "İmam Əli, insanlığın Ədalət səsi" adlı üstün kitabını yazmaqla, yaln...

Abunə ol

Etiketlər

Afrika (1) Android (5) Artur Konan Doyl (1) Arxiv (1) Azərbaycan (2) AzNeft Dairəsi (2) Bakı (3) Bayraq (1) Blogger (2) Bluebox (1) Bookmate (1) Calibre (1) Chromakey (1) Çin (1) Colorkeying (1) Corc Cordaq (1) CSS (1) Deep Web (1) Dəmir yolu (1) Doktor Uotson (1) Dünya Əlillər günü (1) E-Kitab (3) Edge (1) Efiopiya (1) Evernote (1) Excel (1) Facebook (1) Fotolarım (10) Fotoqrafiya (3) Four Seasons Hotel (1) Fyodor Dostoyevski (1) George Jordac (1) GodMode (1) Google Docs (1) Google+ (1) Green Screen (1) Greenbox (1) HTML (1) İçəri şəhər (2) ifttt (1) II dünya müharibəsi (1) İllustrator (1) İmadəddin Nəsimi (1) İmam Əli (1) IOS (4) İOS (1) İslam (1) Java (1) Javascript (1) Kamboca (1) Kamil Adgözəlli (13) Karamazov qardaşları (1) Katana (1) Kərim Abbasov (1) Kindle (3) Kinomatoqrafiya (1) Kitab (6) Ku Kluks Klan (1) Larry Butler (1) Lee Jeffries (1) Linkedin (1) Loqo (1) Lui Dagerin (1) Marifia.com (1) Məscid (1) Microsoft (3) Microsoft Word (1) Minimalizm (1) Müharibə (1) Mumiya (1) Müsəlman (1) Nanking (1) Nigeriya (1) Nizami küçəsi (2) Paris (1) PC (1) Pol Pot (1) Polaris Office (1) PowerPoint (1) Python (1) Qədim Misir (1) Qətliam (1) Quip (1) Rəssam (1) Şerlok Holms (1) Şəhidlər Məscidi (1) Sənət (1) Snapchan (1) Somali (1) Sudan (1) Tarix (3) Tele Qüllə (1) Terror (1) Twitter (1) UNICEF (1) Visteriya-Locda hadisə (1) Web (2) Whatsapp (1) Windows (2) Windows Phone (1) WPS Office (1) Xocalı soyqırımı (1) Xristian (1) Yalnızlıq (1) Yaponiya (2) Yəmən (1)